Qalmaqallı xəstəxananın baş həkimi danışdı: `Bu, sifarişdir`


16:58     11 Fevral 2017 sefqet11.JPG

Sumqayıt şəhərində fəaliyyət göstərən "Şəfqət" klinikasına sonsuzluqla bağlı müraciət edən qadına ineksiya yolu ilə istifadə müddəti keçmiş dərmanların yeridilməsi ilə bağlı məlumat vermişdik.


Məsələ ilə bağlı xəstəxananın direktoru Cavid Həsənov Femida.az-a açıqlama verib. Onun sözlərinə görə, Səltənət Budaqovaya müalicə müddətində güzəşt edilmədiyi üçün böhtan xarakterli məlumatlar yayır:

“43 yaşlı Səltənət Budaqova 4 illik sonsuzluqla bağlı klinikamıza müraciət edib. Müayinələr və müalicə xidmətləri göstərilib. İki həftə müddətində nə müayinələrin, nə də xidmətlərin tam ödənişini etməyib. Xəstənin dediyi güzəşti edə bilmədiyimiz üçün belə bir varianta əl atıb və ya xəstəxanaya antireklam yaratmaq üçün kiminsə tərəfindən öyrədilib. Biz xəstəyə göstərdiyimiz xidmətlərin hallalığını verirk ki, 43 yaşında hamilə olub ana olsun”.

Adı qalmaqalda hallanan Şəfqət" klinikasının baş həkimi, tibb üzrə fəlsəfə doktoru Fikrət Baxşəliyev şikayətçinin fikirlərini təkzib edi:

“Səltənət Budaqova və həyat yoldaşı bizə sonsuzluqla bağlı müraciət etmişdi. Müayinələr zamanı tam ödəniş etmədiyi üçün güzəşt tələb edib. Güzəşt olmadığı üçün şər-böhtan atır. Dava salaraq şantaj xarakterli olaraq belə bir şey danışıb. Onun dediklərini təsdiqləmək üçün müayinə qəbzi olmalıdır . Müayinə olunubsa, müayinənin protokolu olmalıdır. Əgər resept yazılıbsa, reseptin qəbzi olmalıdır. Bunların heç biri yoxdur. Yoldaşı ilə görüşmüşəm, o dedi ki, bu şikayətdən xəbəri yoxdur”.



Baş həkim deyir ki, xəstəxanaya ödənilən pul Səltənət xanıma geri qaytarılıb.

“Nə qədər ödəniş etdikləri yadımda deyil, ancaq həkim qəbuluna düşmək üçün verdikləri pulu qaytarmışıq. Gördük ki, narahat insanlardı pulunu verdik ki, xəta-bəlasını bizdən uzaq etsinlər. Çünki Budaqovlar ailəsi dəfələrlə başqa klinikalarda müalicələr alıb. Təqribən mənə məlumdur ki, o xəstəxanalar da belə halla qarşılaşıblar”.

Fikrət Baxşəliyevin sözlərinə görə hər hansı bir klinika Şəfqət" klinikasına problem yaratmaq üçün Budaqovlar ailəsini öyrədib onlara qarşı danışdırır:

“Biz 20 ildir fəaliyyət göstəririk, Sumqayıtın ilk özəl klinikasıyıq. Bizdən nadir hallarda insanlar narazı gedib. Hər yerdə narazılıq ola bilər. Amma bu, öyrədilmiş insana oxşayır. Qarşı tərəfin başqa klinikalar tərfindən öyrədilmiş adamı da ola bilər. Bizim klinikaya ödənilən pul qaytarılıb. Əgər belədirsə, niyə şikayət etməlidir ki?! Deməli bu, sifarişdır. Bu başqa bir klinikanın bizlə apardığı rəqabətdir”.

Qeyd edək ki, Səltənət Budaqova Femida.az-a bildirmişdi ki, həyat yoldaşı Cabir Qasımovla birlikdə 26 yanvar 2017-ci ildə sonsuzluq problemi ilə bağlı Sumqayıt şəhərində yerləşən "Şəfqət" Klininikasında baş həkim Fikrət Baxşəliyevə müraciət edib. Lakin müalicə zamanı qadına ineksiya yolu ilə vurulan dərmanların istifadə müddətinin keçdiyi məlum olub.


Oğuz Altay
Femida.az

Açar sözlər:

Oxunub: 4733